Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb
Azərbaycan prezidenti Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının məqsədi Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
Müəyyən edilıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır.
Müəyyən edilıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır. Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:
İşçi qrupunun rəhbəri
Rüfət Aslanlı – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri
İşçi qrupunun üzvləri
Asim Məmmədov – “Xalq Bank” ASC-nin sədri
Cəlal Qasımov – “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri
Faiq Hüseynov – “Unibank” ASC-nin İdarə Heyətinin sədri
Rövşən Cavadov – Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru
Zəka Mirzəyev – Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri
İşçi qrupuna tapşırılıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, Bank olmayan kredit təşkilatları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinə isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etmək həvalə olunub.
Apa.az