Azərbaycanda əlillərin stolüstü idman növləri üzrə IV Ümumrespublika yarışları keçirilir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də bu təbəqədən olan şəxslərin idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, bu istiqamətdə növbəti tədbir kimi nazirliyin “2014-cü il üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü idman növləri üzrə IV Ümumrespublika yarışları keçirilir. Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan yarışların ilkin mərhələsi kimi respublikanın Bakı, Naxçıvan, Sumqayıt, Şamaxı, Sabirabad, Mingəçevir, Gəncə, Lənkəran, Xaçmaz, Şəki şəhər və rayonlarında zona turnirləri keçirilib. Ümumilikdə min nəfərədək bu təbəqədən olan şəxs idmanın şahmat, dama, nərd, stolüstü tennis və qol gücü (armrestlinq) növlərində yarışıb.
Nəticədə 8 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq olmaqla ümumən 103 nəfər (şahmat üzrə 25 nəfər, dama üzrə 28 nəfər, nərd üzrə 21 nəfər, stolüstü tennis üzrə 9 nəfər və qol gücü (armrestlinq) üzrə 20 nəfər) qalib gələrək, IV Ümumrespublika yarışlarının final mərhələsində iştirak hüququ qazanıb. 3 Dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində yarışların final mərhələsi keçiriləcək və qaliblər mükafatlandırılacaq.
Trend.az