Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib
Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib. Bu barədə Trend Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin qərarı ilə “2005-2009-cu illər üzrə şəkərli diabet üzrə Dövlət Proqramı” təsdiq edilib. Növbəti illər üzrə Nazirlər Kabinetinin qərarı ilə “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.
Beynəlxalq Diabet Federasiyası dünyanın bütün ölkələrinin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir.
Qeyd edək ki, hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.
Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur.
Trend.az