Azərbaycanda itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.
Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.
Qeyd edək ki, 1 mart 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4014 nəfər təşkil edib. Onlardan 3254 nəfər hərbçi, 758 nəfər mülki şəxsdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.
Trend.az