Azərbaycanda ilkin əlillik təyin olunmuş vətəndaşların sayı 5,5 faiz azalıb
Cari ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən ilkin əlillik təyin olunmuş vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz azalaraq 7330 nəfərə enib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmin vətəndaşların böyük bir qismini ötən ildən ilkin əlillik təyin olunan, lakin bununla bağlı müvafiq müayinə aktından çıxarışları gecikdirilmiş şəxslər təşkil edib. Yaradılmış işçi qrupları tərəfindən belə şəxslərin əlillik müayinə işləri yerindəcə bir daha araşdırılıb. Araşdırma nəticəsində əlillik təyinatları təsdiq edilənlər müvafiq müayinə aktından çıxarışlarla təmin olunublar.
Bununla yanaşı, cari ilin ilk rübündə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi 3,3 faizədək, hissəvi reabilitasiya göstəricisi 2 dəfəyədək yüksəlib. Təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı isə 9,4 faiz azalaraq 5496-a enib.
Trend.az