Azərbaycanda ilk dəfə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb

Posted by

Azərbaycanda ilk dəfə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb

Azərbaycanda ilk dəfə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunun S.S.Axundov 4, İ.Dadaşov 90 və 91a ünvanlarındakı 3 binada Azərbaycanda ilk dəfə olaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) dövlət qeydiyyat orqanında “Binəqədi-1” MMMC adı ilə qeydiyyata alınıb.

Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 45 ünvanında yerləşən yeni tikilmiş binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən həmin binanın saxlanması, abadlaşdırılması və idarə olunması məsələləri müqavilə əsasında idarəetməyə verilib.

Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 89A ünvanında yerləşən yeni tikilmiş 16 mərtəbəli, 150 mənzilli binanın sakinləri tərəfindən də idarəetmə üsulunun seçilməsi məqsədilə ümumi yığıncaq keçirilib, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti təsis olunub. Həmin MMMC-nin sənədləri hazırlanaraq qeydiyyat orqanına təqdim olunub.

Hazırda Binəqədi, Yasamal, Səbail və Nərimanov rayonlarında 21 çoxmənzilli binada Mənzil Məcəlləsindən irəli gələn yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir və onlara normativ hüquqi və təşkilati məsələlərdə müvafiq köməklik göstərilir.

Qeyd edək ki, bu sahədə idarəetmə prosesinin daha əhatəli və mükəmməl təşkili məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə hazırda Avropa ittifaqının maliyyə dəstəyi əsasında “Azərbaycanda mənzil kommunal sahəsində islahatlara dəstək” layihəsi də həyata keçirilir ki, bu da sahədə islahatların daha da dərinləşməsinə ciddi təkan verəcəkdir.

 

Trend.az