Azərbaycanda əhalinin 4,8%-ni əlillər təşkil edir
Bu gün dünya əhalisinin təxminən 10%-ni əlillər təşkil edir.
Azərbaycanda isə bu rəqəm 4,8%-dir. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, əlillərin bütün mövcud problemlərinin həlli yalnız Gənclər və İdman Nazirliyinin səlahiyyətləri çərçivəsində olan məsələ deyil. Nazir müavini nazirliyin əlil gənclərin asudə vaxtlarının təşkili, yaradıcı potensialının nümayişi, idmanla məşğulluğu sahəsindəki uğurlarının təmin edilməsi sahəsində addımlar atdığını deyib: “Onlara hər bir şərait yaradılır ki, əlil gənclər digər gənclərlə bərabər həm mədəni həyatda iştirak etsinlər, həm də idman sahəsində fəaliyyət göstərsinlər. Artıq 17 ildən artıqdır ki, paralimpiya hərəkatına qoşulmuşuq. Bu illər ərzində kifayət qədər yüksək nailiyyət var və dünyada da bunlar qeyd olunub”.
İ.Babayev qeyd edib ki, əlillərin digər məşğulluğunun, mənzil şəraitinin yaxşılaşdırılması və bu kimi digər problemlər aidiyyatı dövlət qurumlarının səlahiyyətlərinə aiddir. O hesab edib ki, müvafiq dövlət qurumları da bu sahədə öz məqsədyönlü siyasətlərini həyata keçirirlər.