Azərbaycanda dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış mallar barəsində sərəncam verilməsi qaydaları müəyyən edilib

Posted by

Azərbaycanda dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış mallar barəsində sərəncam verilməsi qaydaları müəyyən edilib

Azərbaycanda dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış mallar barəsində sərəncam verilməsi qaydaları müəyyən edilib

Azərbaycanda dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış mallar barəsində sərəncam verilməsi qaydaları müəyyən edilib

Nazirlər Kabineti “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qaydalara əsasən, Dövlət Gömrük Komitəsinin (DGK), Maliyyə Nazirliyinin və gömrük hərracının təşkilatçısının əməkdaşlarının daxil olduğu 5 nəfərdən ibarət hərrac komissiyası tərəfindən dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərraclarında satılmaması barədə protokol tərtib edilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi üçün hərrac komissiyası tərəfindən müvafiq protokol tərtib edildiyi gündən 3 iş günü müddətində DGK-ya protokolun surəti əlavə edilməklə müraciət olunur. Müraciətdə dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərraclarında satılmamasının səbəbləri göstərilməlidir.

Mallar barəsində sərəncam verilməsi malların xüsusiyyətləri nəzərə alınmaqla, əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına vermə, təkrar emal və məhv etmə formalarında həyata keçirilir.

Hüquq mühafizə, digər dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat, səhiyyə, təhsil və digər müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması və tələbatlarının ödənilməsi məqsədi ilə dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar tam natura şəklində əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına verilir.

Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar, xüsusiyyətlərinə görə öz təyinatı üzrə istifadə edilməsi mümkün olmadıqda, Komitə tərəfindən belə malların emalı ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə müqaviləyə əsasən verilir və həmin malların təkrar emalından əldə edilmiş gəlir tərəflər arasında bölüşdürülür. Komitə malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir.

Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin ötməsi və s. səbəblərdən öz təyinatına görə istifadə edilə bilmədikdə, onların məhv edilməsi yalnız aidiyyəti dövlət orqanlarının həmin malların satışının qadağan edilməsi, yaxud mal dövriyyəsindən çıxarılması barədə müvafiq göstərişləri əsasında, habelə müstəqil ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Komitənin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir.

Qaydalarda həmçinin qeyd olunur ki, mülki dövriyyədə olmasına yol verilməyən mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, dərhal gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır. Mülki dövriyyədə olmasına yol verilməyən malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Belə malların saxlanc müddətinin son həddi 3 sutkadır.

Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar xüsusi icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, onları keçirən şəxsin seçimi əsasında gömrük ərazisindən çıxarılmalı (bu əraziyə qaytarılmalı) və ya müvəqqəti saxlanc anbarında 3 sutka müddətinə yerləşdirilməlidir. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır.

Sənəddə tez xarab olan mallar və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydaları da müəyyən edilib.

Qaydalara tez xarab olan malların siyahısı da əlavə olunub.

 

Trend.az