Azərbaycanda dəniz terminalında sifarişçinin 4 gün ərzində qəbul etmədiyi ərzaq və tez korlanan yüklər satışa çıxarılacaq
Azərbaycanda dəniz terminalında sifarişçinin 4 gün ərzində qəbul etmədiyi ərzaq və tez korlanan yüklər satışa çıxarılacaq.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası”nda əksini tapıb.
Sənədə əsasən, sifarişçinin məlumatlandırılmasından sonra 4 gün müddətində ərzaq və (və ya) tez korlanan yük barədə qərar qəbul edilmədikdə, dəniz terminalının operatoru belə yükü, habelə onun nəqlində, yaxud qablaşdırılmasında istifadə olunan sifarişçinin mülkiyyətində olan vasitələri (mülki qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılmış, yaxud dövriyyəsi məhdudlaşdırılmış yüklər, habelə ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişin təmin edilməsi üzrə ehtiyaclar üçün nəzərdə tutulmuş yüklər istisna olmaqla) yükün dəyərinin ödənilməsi haqqında sənədlərlə təsdiq edilən və adətən oxşar mallara görə tutulan qiymət və ya ekspert qiymətləndirilməsi əsasında, yaxud belə sənədlər olmadıqda, müqavilə ilə təsdiqlənən qiymət əsasında realizə etmək hüququna malikdir.
Dəniz terminalının operatoru tərəfindən realizə olunması nəzərdə tutulan və realizə edilmiş yüklərin uçotu bu Qaydanın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən qeydiyyat vərəqələri nömrələnmiş, qaytanlanmış və möhürlənmiş “Yüklərin realizəsi kitabı”nda aparılır. Bu Qaydanın məqsədləri üçün yük dedikdə, qablaşdırma, digər yüklərlə bir yerə yığılması üçün vasitələr, konteynerlər, altlıqlar, habelə yükün daşınması, mühafizəsi və ya istismara yararlı vəziyyətdə saxlanılması üçün tətbiq edilən və bu məqsədlə xüsusi olaraq işlənilib hazırlanmış bütün digər vasitələrlə birlikdə əmtəə və ya qeyri-əmtəə təyinatlı mal (mülki qanunvericiliyə uyğun olaraq, dövriyyədən çıxarılmış, yaxud dövriyyəsi məhdudlaşdırılmış yüklər, habelə ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişin təmin edilməsi üzrə ehtiyaclar üçün nəzərdə tutulmuş yüklər istisna olmaqla) nəzərdə tutulur.
Sənədə əsasən ümumilikdə realizə olunan yüklərin rəsmiləşdirilməsi və satışa çıxarılması qaydası müəyyənləşib. Müqavilədə nəzərdə tutulmuş müddətdə dəniz terminalının operatoruna təhvil verilmiş yük limandan tələb olunmadıqda və (və ya) çıxarılmadıqda və ya yükün aşırılması müqaviləsində nəzərdə tutulmuş ödənişlər üzrə dəniz terminalının operatoru qarşısında borc sifarişçi tərəfindən ödənilmədikdə, yük dəniz terminalının operatoru tərəfindən məhkəmə qərarı əsasında tam və ya qismən realizə oluna bilər. Dəniz terminalının operatoru ilə sifarişçi və ya sifarişçini təmsil edən şəxs arasında yüklərin aşırılmasına dair müqavilə əsasında və ya texnoloji yığım, yaxud həmin yüklə əlaqədar digər xidmətlər üzrə yaranan borcun müqabilində dəniz terminalının operatoruna yüklərin verilməsi prosesi qarşılıqlı razılaşma ilə tənzimlənir. Sahibsiz yüklər aşkar olunduğu təqdirdə, dəniz terminalının operatoru tərəfindən akt tərtib edilir. Həmin yükə baxış zamanı yükün adını müəyyən etmək mümkün olmadıqda, dəniz terminalının operatoru boş qabları (taraları) açmaq hüququna malikdir. Yüklərin realizə edilməsi dəniz terminalının operatorunun yazılı formada tərtib etdiyi sənəd əsasında həyata keçirilir. Sənəddə yükün realizə edilməsi üçün əsas (məhkəmə qərarı), satışa çıxarılan yükün dəyərinin “Qiymətləndirmə fəaliyyəti haqqında” qanununa, yaxud mülki qanunvericiliyə uyğun olaraq ekspertlər tərəfindən qiymətləndirilməsi, yükün realizə edildiyi yer göstərilir.
Dəniz terminalının operatoruna ödənilməli olan ödənişlər və yükün saxlanılması, realizəsi ilə bağlı xərclər çıxılmaqla, yükün realizəsindən əldə edilən vəsait sifarişçinin hesabına köçürülməlidir. Yükün realizəsindən əldə olunan vəsait dəniz terminalı operatorunun maliyyə tələblərinin və yükün saxlanılması, realizəsi ilə bağlı xərclərin ödənilməsi üçün kifayət etmədikdə, dəniz terminalının operatoru ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Yükün realizəsindən 3 ildən artıq müddət keçdikdə, realizədən əldə edilən vəsaitləri sifarişçinin və ya onu təmsil edən şəxsin hesabına köçürmək mümkün olmadıqda, həmin vəsaitlər dəniz terminalının operatorunun mülkiyyəti hesab edilir.
Apa.az