Azərbaycanda ədəbi dillə bağlı xüsusi qurumların yaradılması təklif olunur

Posted by

Azərbaycanda ədəbi dillə bağlı xüsusi qurumların yaradılması təklif olunur

Azərbaycanda ədəbi dillə bağlı xüsusi qurumların yaradılması təklif olunur

Azərbaycanda ədəbi dillə bağlı xüsusi qurumların yaradılması təklif olunur

Azərbaycanda ədəbi dilin qorunması ilə məşğul olan xüsusi qurumların yaradılması təklif edilir.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Trend-ə bildirib ki, çalışmaq lazımdır ki, ya ümumilikdə, ya da ayrı-ayrı televiziya kanallarında bu məsələlərlə məşğul olan xüsusi qurumlar olsun.

 

N.Cəfərov hesab edir ki, yalnız televiziya kanallarında bədii şuraların yaradılması ilə məsələ həll edilmir: “Çünki bu həm də bir yaradıcılıq işidir. Dilin özündə də həmişə inkişaf olur, normaların bir çox tərəfləri var, üslub məsələsi var. Elə etmək lazımdır ki, həm normalara riayət olunsun, həm də üslub təsirli olsun”.

 

O, televiziya və radio kanallarında ədəbi dil normalarının pozulmasının əsas səbəblərindən biri kimi aparıcıların qeyri-peşəkar olmasını qeyd edib: “Əgər bir adam aparıcı vəzifəsinə götürülürsə, onun nitqi, təfəkkürü bu işə yararlı olmalıdır. Aparıcılar ədəbi dilin normalarını bilməli və buna əməl etməyi bacarmalıdır. İşə götürəndə bütün bunlar nəzərə alınmalıdır”.

 

Millət vəkili nitqində qüsurlar olan tanınmış şəxslərin də televiziya və radio kanallarında verilişlərə dəvət olunmasını məqsədəuyğun hesab etmir: “Bəzən başqa sahələrdə tanınan insanlara üstünlük verirlər, amma burada həmin adamların nitqinə fikir vermirlər. Bu, düzgün deyil. Əgər populyar adamların nitqi qüsurlu olursa, bu, cəmiyyətə daha pis təsir edir. Bütün bunlar nəzərə alınmalıdır”.

 

N.Cəfərov onu da əlavə edib ki, ədəbi dil normalarının pozulması qeyri-peşəkarlıq olmaqla yanaşı, həm də qeyri-qanunidir: “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda da var ki, ədəbi dil normalarına riayət olunmalıdır. Yəni ədəbi dil normalarına riayət olunmaması yalnız savadsızlıq, qeyri-peşəkarlıq əlaməti deyil, həm də qeyri-qanuni hadisədir. Təsəvvür edin ki, ədəbi dil normalarının kütləvi pozulması halı olarsa, bu, bizim dilimizə nə qədər ciddi təsir edə bilər? Pozulmaların çox olması cəmiyyətin nitq mədəniyyətinə mənfi təsir edir”.

 

Ədəbi dil normalarının pozulmasına görə indiyə qədər qanuni cəzaların tətbiq edilməməsi məsələsinə gəlincə, N.Cəfərov qeyd edib ki, məsələ hələ ki o səviyyəyə qalxmayıb: “Bizim televiziya və radio kanallarında yüksək mədəniyyətli nitq də var, aşağı səviyyəli nitq də var. Amma müəyyən göstəricilər yerindədir. Ona görə də hələlik hər hansı qanuni cəzanın tətbiq edilməsi gündəmdə deyil”.

 

Trend.az