Azərbaycanda daha çox böyrək çatışmazlığı xəstəliyi 35-55 yaş arasında olan insanlardadır
Bu gün Azərbaycanda hemodializ qəbul edən 2312 xəstənin 30 faizə yaxınında böyrək xəstəliyinin yaranmasına səbəb şəkərli diabetdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının şöbə müdiri Fariz Babayev bildirib.
Onun sözlərinə görə, ölkəmizdə dializ qəbul edən xəstələrin yaş həddi 6 yaşla 82 yaş arasında dəyişir: “Bu bütün dünyada da belədir. Bütün dünyada oduğu kimi Azərbaycanda da statistika göstərir ki, 35-55 yaş arasında olan insanlarda daha çox böyrək çatışmazlığı xəstəliyi qeydə alınıb”.
F.Babayevin sözlərinə görə, bu xəstəlik kişilərdə qadınlara nisbətən 2-3 faiz daha çoxdur.
Şöbə müdiri qeyd edib ki, bu gün Azərbaycanda xroniki böyrək xəstəliyindən əziyyət çəkən 2312 nəfər xəstə dövlət hesabına hemodializ seansları qəbul edir. Hemodializ Azərbaycanın regionlarda yerləşən 23 və Bakıda yerləşən 7 hemodializ mərkəzində dövlət hesabına həyata keçirilir: “Bu gün inamla demək olar ki, hemodializ növbəsində insan yoxdur. Son illərdə regionlarda, eyni zamanda, ötən il Sumqayıtda açılan böyük dializ mərkəzlərinin hesabına xəstələri tam dializlə təmin etmək mümkün olub. Bu il ərzində Astara, Tovuz və Ağcabədi rayonlarında yeni 3 mərkəz istifadəyə veriləcək”.
F.Babayev deyib ki, xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gəlir. Bu tendensiyaya həm dünyada, həm də ölkəmizdə rast gəlinir.
Trend.az