Azərbaycanda əcnəbi işçilərlə bağlı əmək miqrasiyası kvotasının tətbiqi mexanizmi təkmilləşdirilir

Posted by

Azərbaycanda əcnəbi işçi qüvvəsi ilə bağlı əmək miqrasiyası kvotasının tətbiqi mexanizmi təkmilləşdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-nin, Xarici İşlər, Təhsil, İqtisadiyyat nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi metodologiyasının təkmilləşdirilməsi məsələlərinə dair fokus qrup görüşü keçirilib.

Tədbirdə ƏƏSMN-nin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib ki, hazırda daxili əmək bazarının dünyada baş verən iqtisadi böhranın mənfi təsirlərindən effektiv qorunması diqqətdə saxlanan məsələlərdəndir. Bunun üçün əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi və əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi işləri aparılır.

Qeyd olunub ki, hələ 2009-cu ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə «Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası» təsdiq edilib. Həmin ildən başlayaraq hər növbəti il üçün ƏƏSMN-nin əmək bazarı və demoqrafik inkişaf, mövcud əmək ehtiyatları potensialı, həmçinin işsizlər və sərbəstləşən işçilər üzrə proqnozlar və s. ilə bağlı təqdim etdiyi məlumatlara uyğun olaraq, əmək miqrasiyası kvotası təsdiq edilir. Əcnəbilərə iş icazələrinin verilməsi də həmin kvotaya uyğun həyata keçirilir.

ƏƏSMN tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə iş icazəsi üçün rəy verilməsi zamanı da iş yerlərində ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğunun təmin olunması prinsipi diqqətdə saxlanılır. İxtisas və peşə bacarıqları baxımından yerli işçi qüvvəsi kifayət etməyən sahələr üzrə ixtisaslı əcnəbi işçi qüvvəsinə iş icazələrinin verilməsi üçün müsbət rəy verilir.

Qeyd olunub ki, hazırki dövrdə əmək miqrasiyası kvotasının müəyyən edilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac vardır. Xüsusi ilə kvota üzrə təkliflərin hazırlanmasında əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın dəqiq müəyyən edilməsi, iqtisadi inkişaf tendensiyalarının nəzərə alınması və kvotanın Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Yol Xəritələrinin məqsədlərinə uyğunluğunun təmin edilməsi vacibdir. Bu məqsədlə əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə yeni metodologiyanın hazırlanması zəruridir.

Bildirilib ki, ƏƏSMN əmək miqrasiyası məsələləri ilə bağlı bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İSMPD) ilə fəal əməkdaşlıq həyata keçirir. Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin milli iqtisadiyyatın inkişaf prinsipləri və dünyada mövcud olan uğurlu təcrübələr nəzərə alınmaqla təkmilləşdirilməsi və əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə yeni metodologiyanın hazırlanması üçün İSMPD-lə əməkdaşlıqda müvafiq layihə çərçivəsində “Azərbaycanda əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə tədqiqat”ın həyata keçirilməsinə başlanılıb. Tədqiqatın həyata keçirilməsi üçün xarici və yerli ekspertlər müəyyən edilib.

Azərbaycanda əmək bazarı və əmək miqrasiyası kvotasına dair ötən illər üzrə informasiya və statistik məlumatlar təqdim olunub. Sonra beynəlxalq ekspert, Maastrixt Unversitetinin professoru Melissa Siegel əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi sahəsində dünya təcrübəsi barədə məlumat verib.

Tədbirdə Azərbaycanda əmək miqrasiyası kvotasının tətbiqi mexanizmi təkmilləşdirilməsi, əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə metodologiyanın hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Trend.az