Azərbaycanda aviasiya təhlükəsizliyi personalının seçilməsi qaydaları təsdiqləndi
Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nı təsdiqləyib.
Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, həmin qaydalara görə, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə bu sahədə işləməyə qadir olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, əvvəlki iş yerindən işdə yol verdiyi kobud nöqsanlara görə xaric olunmuş şəxslər aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul edilmirlər.
Aviasiya təhlükəsizliyi personalı işə müsahibə yolu ilə qəbul edilir. Müsahibə barədə “AZAL” QSC 1 ay əvvəldən elan verir və sənədlərin qəbulunu həyata keçirir.
Aviasiya təhlükəsizliyi personalının fiziki hazırlığı və sağlamlıq vəziyyəti onun işlədiyi dövrdə mütəmadi, anket məlumatları isə hər 5 ildən bir yoxlanılır. Aviasiya təhlükəsizliyi personalının vəzifə təlimatları “AZAL” QSC tərəfindən işlənib hazırlanır və təsdiq edilir.
Aviasiya təhlükəsizliyi personalı tərəfindən vəzifə funksiyalarının lazımi səviyyədə icra edilməsini təmin etmək üçün hər bir namizədin anket məlumatları yoxlanıldıqdan sonra fiziki hazırlığı və sağlamlıq vəziyyəti yoxlanılmalıdır.