Azərbaycanda “ASAN Viza” sistemi yaradılır

Posted by

Azərbaycanda "ASAN Viza" sistemi yaradılır

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır

Azərbaycanda "ASAN Viza" sistemi yaradılır

Azərbaycan Prezidenti İlham Əliyev Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.

 

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmaq və onun idarə olunmasını təmin etmək; “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

 

“ASAN Viza” sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

 

– elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;

– elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi;

– elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;

– elektron vizanın üç iş günü müddətində verilməsi;

– elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi;

– “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması;

– elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması.

 

Müəyyən edilir ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

 

Xarici İşlər Nazirliyinə “ASAN Viza” sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət etmək; vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması barədə məlumatın nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

 

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurası “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiyasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədilə “Sərhədkeçməyə məhdudiyyət” informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görməlidir.

 

Maliyyə Nazirliyinə “ASAN Viza” sisteminin yaradılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsini təmin etmək və növbəti illərin dövlət büdcəsi layihələrində “ASAN Viza” sisteminin saxlanması ilə əlaqədar müvafiq vəsaiti nəzərdə tutmaq tapşırılıb.

 

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi “ASAN Viza” sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin edəcək; “ASAN Viza” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görəcək.

 

Mədəniyyət və Turizm Nazirliyi elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması haqqında məlumatın nazirliyin internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməli və Azərbaycan Respublikasına səfərlər təşkil edən turizm şirkətlərini bu barədə məlumatlandırmalıdır.

 

Trend.az