Azərbaycanda 665 nəfər deputatlığa namizədlik üçün müraciət edib
Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 665 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Trend-in məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov bildirilib.
Bunlardan 338 nəfəri siyasi partiya, 25 nəfəri siyasi blok, 2 nəfəri təşəbbüs qrupu, 300 nəfəri öz təşəbbüsü ilə namizədliklərini irəli sürüb.
İclasda həmçinin bildirilib ki, 399 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib.
O da qeyd olunub ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər MSK-da 95 müşahidəçi akkreditasiyadan keçib. Onlardan 86 nəfər öz təşəbbüsü, 9 nəfəri isə QHT-lər tərəfindən irəli sürülüb.
Bundan başqa, iclasda MSK-nın 12 sentyabr 2015-ci il tarixli iclas protokolu təsdiq edilib.
Daha sonra bir sıra siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb. Belə ki, “Azadlıq-2015” siyasi partiyalar blokunun 18, Azərbaycan Demokratik İslahatlar Partiyasının isə 5 səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilib.
Trend.az