Azərbaycanda 600-ə yaxın azyaşlının uşaq evlərinə düşməsinin qarşısı alınıb
Azərbaycanda 2006-cı ildə ölkə Prezidenti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qeydiyyatında olan, övladlığa verilməsi mümkün olan uşaqlardan 41-i övladlığa verilib, 228 uşaq öz bioloji ailəsinə qaytarılıb, 589 uşağın isə dövlət uşaq müəssisəsinə düşməsinin qarşısı alınıb.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrindən, yəni internat və uşaq evlərindən 716 şagird məzun olub. Onlardan 176 nəfəri tam orta təhsil, 540 nəfəri isə ümumi orta təhsil səviyyəsini bitirib. Tam orta təhsil səviyyəsini bitirən məzunların 48 nəfəri ali təhsil müəssisəsinə, 17 nəfəri orta ixtisas təhsili müəssisəsinə qəbul olunub. 111 nəfər şagird isə məzun olduqdan sonra öz valideynlərinin və ya qanuni nümayəndələrinin himayəsinə təhvil verilib.
Ümumi təhsil səviyyəsini bitirən 540 nəfərin 12-si orta ixtisas təhsili müəssisəsinə, 93 nəfəri ilk peşə ixtisas müəssisəsinə qəbul olub, 231 nəfər uşaq isə ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsillərini davam etdirib. 204 nəfər sağlamlıq imkanları məhdud uşaq isə məzun olduqdan sonra təhsillərini davam etdirə bilməyib.
Trend.az