Azərbaycanda 168 əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması qərara alınıb
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən avqust ayı ərzində 168 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Trend-in məlumatına görə, bu barədə şənbə günü DMX mətbuat xidmətindən bildirilib.
Ümumilikdə ötən ay ərzində 3082 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 6 nəfər əcnəbinin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub, 169 əcnəbiyə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 2739 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 168 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5232 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 60442 nəfər əcnəbinin müraciəti qeydə alınıb.
Bununla yanaşı işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 52 sahibkarlıq subyektlərində yoxlamalar aparılmışdır. Keçirilmiş tədbirlər nəticəsində 19 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.