Azərbaycanda aparılan tədqiqatlar nəticəsində məlum olub ki, siqaret çəkənlərin sayı hər il gəncləşir.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə “Tütün-inkişaf üçün təhlükə!” mövzusunda KİV nümayəndələri üçün keçirilən seminarda bildirib ki, əvvəllər ölkədə 16-17 yaşlıların tütündən istifadəsi müşahidə olunurdusa, bu gün yaşı 14-dən aşağı olanlar arasında siqaret çəkənlərin sayı artıb.
Onun sözlərinə görə, bu da bir çox xəstəliyin yaranmasına səbəb olur. Siqaretdə olan ziyanlı maddələr, müxtəlif boyalar əsasən xərçəngin yaranmasına şərait yaradır.
Şöbə müdiri qeyd edib ki, bunun qarşısını almaq üçün müxtəlif tədbirlər görülür, maarifləndirmə işləri aparılır.
İSİM-in Əhalinin Sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev qeyd edib ki, tütün epidemiyası dünyada aktual məsələdir: “Tütünçəkmə qeyri-infeksion xəstəliklərlə əlaqədardır. Bu gün qeyri-infeksion xəstəliklər dünyada baş verən ölüm və xəstələnmənin 60%-ni təşkil edir. Bunun nəticəsində də çoxsaylı insan itkiləri baş verir. Tütünçəkmə böyük bir fəlakətdir və dünya ölkələri bu problemin həllinə xüsusi diqqət yetirir”.
Apa.az