Azərbaycan XİN dünya KİV-inin təqribən 30 nümayəndəsinin cəbhəyanı zonaya səfərini təşkil edib
Azərbaycan Xarici işlər Nazirliyi bu gün dünya KİV-lərinin təqribən 30 nümayəndəsinin cəbhəyanı zonaya səfərini təşkil edib.
KİV nümayəndələri Ermənistan Silahlı Qüvvələrinin intensiv artilleriiya atəşləri nəticəsində burada yaşayan Azərbaycan əhalisinə vurulmuş zərərlə tanış olacaqlar.
Bunu Trend-ə Azərbaycan Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Jurnalistlər qoşunların təmas xəttinin Ağdam, Tərtər və Füzuli istiqamətlərində olacaqlar. Səfərin məqsədi real vəziyyəti dünya ictimaiyyətinə çatdırmaqdır.
Jurnalistlər arasında Rusiyanın “Pervıy kanal”, “Komsomolskaya pravda” qəzeti, “İnterfaks” agentliyi, “Al Jazeera”nın Moskva nümayəndəliyi, İran dövlət telekanalı, Çinin CCTV telekanalı, “Reuters”, “France-Presse”, “Associated Press” informasiya agentliklərinin və digər KİV nümayəndələri var.
Trend.az