Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində almaniyalı həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində sentyabrın 28-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verən E. Məmmədyarov Ermənistanın əsl məqsədinin müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək və işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək olduğunu vurğulayıb. Nazir bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmalıdır.
Nazir işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaq əvəzinə, Ermənistanın ilhaqçı siyasətinin münaqişənin həllində başlıca mane olduğunu və regional sülh və təhlükəsizlik üçün təhdid yaratdığını nəzərə çatdırıb. O, münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin fəallıq göstərməsi və yaxından iştirak etməsinin vacibliyini qeyd edib.
Nazirlər növbəti il ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniyanın sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Almaniya xarici işlər naziri ATƏT-dən daha çox gözləntlərinin olduğunu qeyd edərək, təşkilatın modernləşdirilməsi kimi məsələlərin prioritet sahə kimi gündəliklərində olacağını nəzərə çatdırın.
E. Məmmədyarov ATƏT və onun strukturlarının, o cümlədən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi ehtiyacın olduğunu vurğulayıb. O, ATƏT DTİHB-nin Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar bəyanatının DTİHB-nin mandatına zidd olduğunu qeyd edərək, DTİHB-nin tətbiq etdiyi seçki metodologiyasının ciddi surətdə yenidən nəzərdən keçirilməli olduğunu bildirib.
Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnaməsinə toxunan E. Məmmədyarov əsassız və qərəzli olan bu qətnamə ilə Avropa Parlamentində olan bəzi qüvvələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurduqlarını diqqətə çatdırdı.
Görüş əsnasında Suriya böhranı və onun doğurduğu fəsadlar, beynəlxalq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülər və miqrant problemi kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Apa.az