Elmar Məmmədyarov: “Firudin Sinirlioğlu Dağlıq Qarabağ münaqişəsinə dair BMT qətnamələri üzərində çalışmış diplomatlardan biridir”
“Azərbaycanla Türkiyə böyük layihələr həyata keçirir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Türkiyənin müvəqqəti seçki hökumətinin xarici işlər naziri Firudin Sinirlioğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanması məsələsi müzakirə edilib: “Azərbaycan və Gürcüstan tərəfində bütün işlər görülüb. Əminik ki, bu ilin sonu, gələn ilin əvvəlinə kimi Türkiyə tərəfi də işləri bitirəcək. Bu, strateji layihədir və təkcə Cənubi Qafqaz üçün deyil, orta Asiya üçün də önəmlidir. Qazaxıstanla da bu məsələləri müzakirə etmişik. Türkmənistan və Çin də bu işdə çox maraqlıdır. Dəmir yolu millətləri bir-birinə sıx bağlayır”.
E. Məmmədyarov regional məsələləri də müzakirə etdiklərini söyləyib: “Suriya miqrantları məsələsinə də toxunduq. Bizim üçün vacib məsələdir. Azərbaycan da öz yaxın tarixində belə vəziyyətlə üzləşib. Türkiyədə 2 milyona yaxın qaçqın məskunlaşıb. Bu problem tez bir zamanda aradan qaldırılmalı və həmin insanlar öz torpaqlarına qayıtmalıdır. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir. Firudin bəy o zaman BMT Təhlükəsizlik Şurasının qətnamələri üzərində çalışmış diplomatlardan biridir”.
Apa.az