Azərbaycan və Türkiyə hərbi tibb sahəsində əməkdaşlıq protokoluna əlavələr etdilər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Tibb Baş İdarəsinin bir qrup zabit heyəti Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında qarşılıqlı təcrübə mübadiləsində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, general-mayor Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tibb sahəsində ikitərəfli əməkdaşlıq protokoluna bəzi əlavələr edilməsi məsələsini müzakirə ediblər.
Aparılan danışıqlar nəticəsində Gülhanə Hərbi Tibb Akademiyasına müalicə, reabilitasiya və protezləşdirmə üçün göndərilən xəstələrin, o cümlədən təhsil alacaq tələbələrin və mütəxəssislərin sayının artırılması, orta tibb heyətinin – hərbi feldşer və tibb bacılarının hazırlanması, Müdafiə Nazirliyində çalışan mülki həkim və tibb bacılarının müxtəlif ixtisaslaşma və təkmilləşmə kurslarına ezam olunması məsələləri protokola əlavə edilib.
İlk dəfə olaraq biomedikal mühəndislər, fizikal müalicə və reabilitasiya, idman təbabəti üzrə mütəxəssislərin hazırlanması, o cümlədən birgə elmi-praktik konfransların keçirilməsi, müştərək tibb jurnalının dərc olunması və Azərbaycan heyətinin Gülhanə Hərbi Tibb Akademiyasındakı seminarlara dəvət edilməsi məsələləri də müsbət həllini tapıb.
Trend.az