Azərbaycan və İran jurnalistləri arasında dostluq qrupunun yaradılması təklif olunub
Azərbaycan və İran jurnalistləri arasında dostluq qrupunun yaradılması təklif olunub.
Trend-in məlumatına görə, bu təklif İranın Urmiya şəhərinin azərbaycandilli “Araz” qəzetininin redaksiya heyəti, şəhərin media nümayəndələri ilə Qərbi Azərbaycan əyalətində səfərdə olan azərbaycanlı jurnalistlərin görüşündə səsləndirilib.
Görüşdə iki ölkənin media nümayəndələrinin dostluq qrupunun yaradılmasının ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib.
Azərbaycandilli “Dəniz” qəzetinin redaktoru Mustafa Quluzadə Azərbaycanda çox olduğunu deyib və ölkəmizin media nümayəndələri ilə şəxsi dostluq əlaqələri qurduğunu bildirib. Onun fikrincə, münasibələrin inkişafı üçün daha mütəşəkkil görüşlər, səfərlər təşkil edilməlidir.
Azərbaycanlı jurnalistlər dostluq qrupunun yaradılması təşəbbüsünün əvvəllər də irəli sürüldüyünü deyiblər.
İran və Azərbaycan mediası arasında dostluq qrupunun yaradılmasının iki ölkənin səfirlikləri vasitəsi ilə dövlət tərəfindən təşkil edilə biləcəyi, bununla həm əlaqələrin inkişaf edəcəyi, həm də mövcud problemlərin aradan qaldırılacağı vurğulanıb.
M.Quluzadənin fikrincə, mediada gedən bəzi yanlış xəbərlər bəzən münasibətlərə xələl gətirir: “Cənubi Azərbaycan ifadəsinin işlənməsi İran tərəfini narahat edir”.
Azərbaycanlı jurnalistlər isə hər iki ölkə mediası arasında münasiblərin inkişafı üçün QHT praktikasından istifadə edilməsinin daha məqsədəuyğun olduğunu biliriblər: “Bu, hər iki ölkə üçün həssas məsələlərin düzgün çatdırılmasında mühüm rol oynaya bilər. Bayaq qeyd olunduğu kimi, bəzən Azərbaycan mətbuatında “Cənubi Azərbaycan” terminindən istifadə olunur və etirazınızı bildirirsiniz. Lakin etiraf edin ki, əksər hallarda İran jurnalistləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xəbərləri işıqlandırarkən Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını mübahisəli ərazi kimi təqdim edirlər. Bu da haqlı olaraq bizim etirazımıza səbəb olur. Bu işlərdə media qurumlarının ciddi mariflənməyə ehtiyacı var. Bir Azərbaycan vətəndaşı olaraq rəsmi Tehranın Qarabağla bağlı mövqeyinə görə təşəkkür edirik. Lakin istərdik ki, bizim iranlı həmkarlarımız da bilsinlər ki, Azərbaycanın 20 faiz əraziləri Ermənistan tərəfindən işğal olunub və 20 ildir ki, işğal altında saxlanılır”.
“Araz Azərbaycan” qəzetinin baş redaktoru İbrahim Ağazadə İran İslam Respublikasının Ermənistanı müstəqil dövlət kimi tanıdığını qeyd edib: “Amma Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Ermənistanın təcavüzkar olduğunu hesab edirik. Biz inanırıq ki, bir gün tezliklə Qarabağ azad olunacaq və Azərbaycan bayrağı orada dalğalanacaq”.
Trend.az