Azərbaycan və Pakistan dini sahədə əlaqələrin genişləndirilməsini müzakirə edib
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayser ilə görüşüb.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan S.Salahlı Azərbaycan və Pakistan arasındakı əlaqələrdən söz açaraq ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və bu əlaqələrin uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb. Sədr müavini Azərbaycanda mövcud dini durumdan, müxtəlif dini konfessiyaların nümayəndələrinin əsrlərdir sülh şəraitində yaşadığından danışıb.
İki dost ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirən X.U.Qayser Azərbaycan və Pakistan arasında möhkəm əlaqələrin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Diplomat Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib.
Dostluq müstəvisində təməli qoyulan münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirən səfir qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən qəbula görə təşəkkürünü bildirib.
Trend.az