“Azərbaycan və İordaniya arasında mədəniyyət sahəsində də sıx əməkdaşlıq var”
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov İordaniyanın mədəniyyət naziri xanım Lana Mamkegh ilə görüş keçirib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixindən danışan xanım L.Mamkegh dövlət başçılarının şəxsi dostluğunun bu əlaqələrin möhkəmlənməsində müstəsna rol oynadığını qeyd edib. İkitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, mədəniyyət sahəsində də iki ölkə arasında sıx əməkdaşlığın olduğunu deyən nazir 2009-cu ildə Bakıda İordaniya, 2010-cu ildə isə İordaniyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin yaddaqalan tarixi hadisə olduğunu vurğulayıb.
Xanım L.Mamkegh İordaniya tələbələri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qaliblərinin, eləcə də “Univision” Tələbələrin II Beynəlxalq Mahnı Müsabiqəsində iştirak üçün İordaniyanın Filadelfiya Universitetinin tələbələrinin Azərbaycana səfərinin təşkil edilməsinə görə minnətdarlığını ifadə edib.
S.Ağabəyov Azərbaycanın dost ölkə olan İordaniya ilə digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də daha sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Görüş əsnasında səfir Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini talan etməsi barədə ətraflı məlumat verib.
Trend.az