Azərbaycan və Çinin Ali məhkəmələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Pekində Azərbaycan Ali Məhkəməsi və Çin Ali Xalq Məhkəməsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd iki ölkənin məhkəmə sistemi arasında əməkdaşlıq sahələrinin yaradılması və təkmilləşdirilməsi məqsədilə müxtəlif instansiya hakimlərinin ezam edilməsini, məhkəmə islahatlarını, məhkəmələrin elektronlaşdırılmasını, məhkəmə idarəçiliyi və hakimlərin təlimi sahəsində ikitərəfli əlaqələrin inkişafını, mövcud məhkəmə təcrübəsini, seçilmiş məhkəmə qərarları haqqında məlumat mübadiləsini və digər məsələləri əhatə edir. Memorandum Ali Məhkəmənin sədri Ramiz Rzayevin Çin Ali Xalq Məhkəməsinin sədri Cou Çianın dəvəti ilə Çinə səfəri çərçivəsində imzalanıb.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dövlətlərimiz üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, bunun bariz nümunəsi olaraq Prezident İlham Əliyevin ötən ilin dekabrında Çinə dövlət səfərini və səfər zamanı müxtəlif sahələrdə imzalanmış sənədləri qeyd edib.
Bildirilib ki, ölkələrimizin ədliyyə və prokurorluq orqanları arasında imzalanmış sənədlər əməkdaşlığı dərinləşdirir.
Ramiz Rzayev son illərdə Azərbaycanın məhkəmə sistemində həyata keçirilən islahatlar və bununla əlaqədar nailiyyətlər, xüsusilə, son dövrlər ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı görülmüş mütərəqqi tədbirlər barədə geniş məlumat verib.
Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görüldüyünü, ictimai iştirakçılıq və vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın genişləndirildiyini bildirərək, bunun üçün Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb və bu sahədə görülmüş işlərdən danışıb.
Çin Ali Xalq Məhkəməsinin sədri Cou Çian Azərbaycan ilə əməkdaşlığın ölkəsi üçün xüsusi önəmini qeyd edib, Çin Xalq Respublikasının məhkəmə sistemi və son illər aparılmış islahatlara dair ətraflı məlumat verib.
Səfər çərçivəsində Çin Hakimlər Akademiyasının rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycanda hakimlərin seçkisi qaydalarının özəlliklərini və prosedurun şəffaflığını, ədalətli olmasını və yüksək peşəkarlıqla təşkil edildiyini nəzərə alaraq, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.
Tərəflər hakimlərin və hakimliyə namizədlərin təlimi sahəsində əməkdaşlığın yaradılması perspektivlərini müzakirə ediblər.
Ali Məhkəmənin sədri Akademiyanın yeni istifadəyə verilmiş tədris binası, kitabxana və yataqxana korpusu ilə tanış olub.
Azərbaycan nümayəndə heyəti, həmçinin Çin qanunverici orqanının binasında, Pekin şəhəri Siçen rayon məhkəməsində olub, məhkəmənin sədri ilə görüşüb, məhkəmə prosesini müşahidə edib. Bundan başqa, nümayəndə heyəti Çin Milli Məhkəmə Muzeyinə baş çəkib, Çin Ali Xalq Məhkəməsinin informasiya bürosunun fəaliyyəti ilə tanış olub.
Ali Məhkəmənin sədri səfər çərçivəsində Şanxay şəhərində də görüşlər keçirəcək.
AZƏRTAC