Azərbaycan və Gürcüstan ərazi əməkdaşlığını müzakirə edirlər
Şərq Tərəfdaşlığı Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan və Gürcüstanın regional və yerli hakimiyyət orqanları, həmçinin hər iki ölkənin müxtəlif regionlarından vətəndaş cəmiyyəti təşkilatının nümayəndələri üçün təlimlər keçirilir.
Trend-in Avropa İttifaqı (Aİ) Qonşuluq Siyasəti üzrə Məlumat Mərkəzinə istinadən verdiyi məlumata görə, təlimlərin məqsədi təlim iştirakçılarının real və mümkün layihə ideyalarının formalaşdırılması imkanlarının gücləndirilməsi, ehtiyaclar və prioritetlər barədə onların biliklərinin artırılması və tərəfdaşların müəyyənləşdirilməsindən ibarətdir.
Təlimlərdə Şərq Tərəfdaşlığı Ərazi Əməkdaşlıq Proqramının ekspertləri iştirakçılara qonşu regionlarda ümumi regional ehtiyacların və prioritetlərin müəyyənləşdirilməsi, uğurlu layihə ideyalarının ərsəyə gətirilməsi və gələcək tərəfdaşların axtarışında yardım edəcək.
Artıq təlimlər 20-22 oktyabrda Gürcüstanın Rustavi şəhərində keçirilib.
Təlimlərin davamı 22-24 oktyabrda Telavi şəhərində, oktyabrın 28-30-da Azərbaycanın Qazax rayonunda, noyabrın 6-8-də isə Şəki rayonunda baş tutacaq.
Ərazi əməkdaşlığının məqsədi ümumi sosial və iqtisadi inkişaf problemlərinin birgə həllərinə nail olmağa kömək üçün yerli hakimiyyət orqanları, icmalar və vətəndaş cəmiyyəti təşkilatları arasında transsərhəd əlaqələrinin möhkəmləndirilməsidir.
Trend.az