Azərbaycan və Dünya Bankı bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi üzrə əlavə maliyyələşdirmə sazişi imzalayıblar
Yanvarın 10-da Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində 42 milyon dollar məbləğində əlavə maliyyələşdirmə sazişi imzalanıb. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sənədi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşenko imzalayıblar.
DB-nin hesablamalarına görə, bir il ərzində Böyük Bakıda 1,8 milyon ton bərk məişət tullantısı yaranır. Bankın mütəxəssisləri yaxın 20 ildə bu göstəricinin demoqrafik artım və əhalinin gəlirlərinin artımı nəticəsində ikiqat çoxalacağını ehtimal edirlər.
2014-2016-cı illəri əhatə edən saziş çərçivəsində Balaxanı poliqonunun növbəti 20 il müddətinə istismarı məqsədilə beynəlxalq standartlara müvafiq qaydada tam reabilitasiyası, Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi üzrə milli strategiya sənədinin qısa, orta və uzun müddətli tədbirlər planı layihələrinin hazırlanması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, regional tullantı poliqonlarının və otürücü məntəqələrin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması nəzərdə tutulur.