Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası hesabat konfransı keçirib
Bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 2013-cü ilin illik yekununa həsr olunan hesabat xarakterli konfransı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ARGTMŞ sədri Şahin Seyidzadə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər təşkilatlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən T.Süleymanov bildirib ki, müstəqilliyin ilk illərində müstəqil gənclər təşkilatlarının imkanı çox zəif idi və hətta özlərinin müstəqil qərargahları da yox idi: “Yəni, təşkilatların birləşməsinə çox böyük ehtiyac vardı. Hərçənd ki, həmin vaxtlarda bəzi təşkilatlar gənclər təşkilatının yaradılmasını istəmirdilər və bu ideyanı gözdən salmağa çalışırdılar. Beləliklə də, uzun sürən müzakirələrdən sonra 1995-ci il noyabrın 21-də 11 gənclər təşkilatının təsisçiliyi ilə ARGTMŞ yaradıldı. Həmin dövrdə Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarına daha çox mənəvi dəstək verirdi. Ancaq bu gün ölkədə gənclər təşkilatlarına ayrılan maliyyə xeyli artıb. Məhz bunun nəticəsidir ki, bu gün gənclər təşkilatları böyük layihələr həyata keçirə bilirlər. İnanıram ki, illər ötdükcə ARGTMŞ və ona üzv olan təşkilatlar daha böyük layihələrlə ölkəmizi təmsil edəcəklər”.
Daha sonra çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli isə vurğulayıb ki, ilk dəfə ulu öndər Heydər Əliyev ölkədə gənclər strukturunu formalaşdırdı: “Bu gün bütün dövlət qurumlarında gənclər çalışır. Onların yeni təfəkkürləri daim inkişafa yol açır. Elə saytlar, Facebook səhifələri var ki, onlar gənclərimizi pis yola çəkirlər. Bu gün onların da qarşısını almalıyıq. Bu bazanın yaranması istiqamətində də biz ARGTMŞ ilə əməkdaşlıq etməliyik. Mən sevinirəm ki, Prezidentimiz gəncləri sevir və onlara böyük diqqət göstərir. Bu da onların potensialının artmasına imkan yaradır. Onu da deyim ki, mən hər zaman sizlərin yanındayam”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxış edərək deyib ki, bu gün təhsilə, səhiyyəyə və digər layihələrə ayrılan yardımlar elə gənclərə sərf olunur: “ARGTMŞ qısa bir zamanda Avropaya inteqrasiya edə bildi. Avropalılar da ARGTMŞ-ni gənclər təşkilatları üçün yaradılmış ən gözəl model adlandırdılar. ARGTMŞ-nin yaranmasına mane olmaq istəyən təşkilatlar bu gün gənclər meydanında yoxdurlar. Artıq ARGTMŞ-nin dəstəyi nəticəsində yüzlərlə Azərbaycan gənci tədbirlərdə iştirak edərək ölkəmizi təmsil edirlər. ARGTMŞ Gənclər və İdman Nazirliyinin ən öndə gedən tərəfdaşlarından biridir. Mən düşünürəm ki, gənclər siyasətinin inkişafında ARGTMŞ-nin da öz töhfəsi var”.
Ş.Seyidzadə təşkilatın ötənilki strateji hədəfləri, yerli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti və proqramları haqqında məlumat verib. Həmçinin, 2014-cü il üçün müəyyən edilmiş prioritet istiqamətlər haqqında danışıb: “ARGTMŞ bu gün dövlətçilik maraqlarını qoruyur və Azərbaycan gəncinin beynəlxalq platformada iştirakını təmin edir. 2014-cü ildə ARGTMŞ-nin yeni hədəfləri var. İnanıram ki, bu hədəflərə uğurla nail olunacaq”.
Tədbirdə verilən məlumatlar disk və kitabça formasında qonaqlara təqdim edilib. Həmçinin mərasimdə 2013-cü ildən hazırlıq işlərinə başlanılan www.nayora.az saytının təqdimatı da keçirilib. Bununla da internet portalı rəsmi olaraq istifadəyə verilib.
Daha sonra isə tədbirin ikinci hissəsində ARGTMŞ-nin 2014-cü il üçün ilk məclisi fəaliyyətə başlayıb. Bu zaman ARGTMŞ-yə üzv olmaq istəyən yeni təşkilatların təqdimatları da keçirilib.
Trend.az