Azərbaycan prezidenti Zaqatalada yolun açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
APA-nın məlumatına görə, ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri artıq istismara hazırdır.
Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək.
Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verilib. 2014-cü ildən başlanılan yenidənqurma və bərpa işləri çərçivəsində 28 May və Qarabağ küçələrində 60-dan çox yaşayış binasında, sahibkarlıq obyektlərində bərpa işləri aparılıb, 5400 kvadratmetr asfalt örtüyü salınıb, yağış sularının axıdılması üçün arxlar qazılıb, yaşıllıq və işıqlandırma işləri görülüb.
Dövlət başçısına həmçinin Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verilib.
Sonra İ. Əliyev Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Apa.az