Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, Azərbaycanla İran İslam Respublikası arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı hüquq-mühafizə sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.
Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri M. Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə bu sahədə müxtəlif məsələlərlə bağlı aparacaqları danışıqların və fikir mübadiləsinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib. Ölkələrimiz arasında son vaxtlar müxtəlif səviyyələrdə keçirilən çoxsaylı təmaslara toxunan dövlət başçısı prezidentlər səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Qarşılıqlı səfərlərin təşkilinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayan prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfərinin ədliyyə sahəsində əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Təxminən 23 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan İran ədliyyə naziri ötən dövr ərzində ölkəmizdə gedən böyük dəyişikliklərin onda dərin təəssürat yaratdığını deyib. Azərbaycanda gedən bu inkişafın bünövrəsinin Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan M. Purməhəmmədi bildirib ki, dahi dövlət xadimi Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi işinə də böyük önəm verib.
Apa.az