Azərbaycan prezidenti İranın ali lideri ilə görüşüb
Tehranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
APA-nın İran müxbirinin məlumatına görə, görüşdə İran prezidenti Həsən Ruhani də iştirak edib.
Məlumata görə, İranın ali rəhbəri Ayətullah Xamenei Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə İran və Azərbaycan arasında yaxşı siyasi əlaqələrin və çoxlu bağların olduğunu bildirib. Ayətullah Xamenei qeyd edib ki, iki ölkə arasında qardaşlıq, dostluq və qonşuluq əlaqələri mövcuddur.
“Azərbaycan xalqının ümumi rifahı, təhlükəsizliyinin təmini və siyasi sabitliyi bizim üçün çox önəmlidir. İki xalqın qarşılıqlı səmimi münasibəti var və bu hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın və iqtisadi dövriyyənin artmasına da dəstək verir”.
Azərbaycan prezidenti İlham Əliyev aparılan müzakirələrin hər iki ölkə üçün çox önəmli olduğunu bildirib: “Azərbaycan və İran arasında dərin bağlar və müştərək tarix, din və mədəni bağlar mövcuddur”. Prezident, iki ölkə arasında ondan çox əməkdaşlıq sazişinin imzalandığını və ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu bildirib: “Ticarət, nəqliyyat, enerji, sənaye sahəsində önəmli addımlar atılıb və birlikdə iki ölkənin əlaqələrinin bütün sahələrdə inkişaf etdirilməsi üçün çalışırıq”.
Apa.az