Azərbaycan Prezidenti İlham Əliyev Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlanmış, avqustda başa çatdırılmışdır.
Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılmışdır. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilmişdir. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir.
Meydanın ərazisində istirahət parkı da salınmışdır.
Azərbaycan Prezidenti parkın ərazisini gəzdi.
Bildirildi ki, ərazidə uzunluğu 236, eni isə 7 metr olan su kanalı tikilmişdir. Kanalın üzərində uzunluğu 11, eni 3 metr olan iki körpü, ərazidə biri səkkizguşəli olmaqla 17 fəvvarə, kanalüstü “Buta” və iki “Lalə” inşa olunmuşdur. Burada geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi, dekorativ məhəccər qurulmuş, oturacaqlar qoyulmuşdur. Parkda uşaq-əyləncə qurğuları quraşdırılmışdır.
Azərbaycan Prezidenti meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verdi.