Azərbaycan Pakistana humanitar yardım edib

Posted by

Azərbaycan Pakistana humanitar yardım edibAzərbaycan Pakistana humanitar yardım edib

Azərbaycan Pakistana humanitar yardım edib

Pakistanın İslamabad şəhərində Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən bu ölkənin Cənubi Pəncab və Kəşmirdə sel daşqınlarından zərər çəkmiş insanlara yardım edilməsi ilə əlaqədar humanitar yardım aksiyası keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən SİA-ya verilən məlumata görə, AİDA tərəfindən edilmiş humanitar yardım Cənubi Pəncabın Multan, Muzaffargarh, Leyyah, Chinniot, Naroval, Sargodha, Mandi Baha-ud-Din, Sialkot həmçinin Kəşmirin Müzəffərabad şəhərləri və Bağ bölgəsini əhatə edir. Qida rasionu paketlərindən ibarət olan yardımlar Federal hökumət nəzdində fəaliyyət göstərən Bayt-ul-Mal təşkilatı vasitəsi ilə təbii fəlakətdən zərər çəkmiş minlərlə insanlara paylanılacaq. 8-9 nəfərlik ailə üçün ayrılan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilib və yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insan üçün nəzərdə tutulub.

 

Qeyd olunub ki, Bay-tul-Malın nəzdində 33 kimsəsiz insanlar üçün evləri fəaliyyət göstərir, həmçinin bu qurum fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğuldur.

 

İslamabad şəhərində təşkil olunmuş mərasimdə Pakistanın Parlament işləri üzrə naziri Şeyx Aftab Əhməd, Pakistan Parlamentinin deputatları Ramaiş Kumar Vankvani, Nazir Əhməd, Aamra Xan, Ayşə Syed, Sima Cilani, Tahirə Auranqzeyb, Fayaz- ud- Din, Nazir Xan, Əkrəm Sahib, həmçinin Çitralın Şahzadəsi, Milli Assambleyanın deputatı İftixar ud Din, Bayt-ul-Malın icraçı direktoru Abid Vahid Şeyx, tanınmış siyasətçilər, ziyalılar, Azərbaycan səfirliyinin əməkdaşları, təbii fəlakətdən zərər çəkmiş insanlar, həmçinin aparıcı elektron və media mənsublarının nümayəndələri iştirak edib.

 

Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx Azərbaycan xalqı, hökuməti və AİDA-ya təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə dərin minnətdarlığını bildirib.

 

O, bu yardımın zərərçəkmiş insanlar üçün təkcə maddi deyil, eyni zamanda mənəvi dəstək olduğunu vurğulayıb. Mərasimdə Azərbaycan-Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri barəsində danışılıb, AİDA-nın fəaliyyəti haqqında geniş məlumatlar verilib. Bildirilib ki, AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra edib və bununla da minlərlə insanı içməli su ilə təchiz edib.

 

Ali qonaq qismində mərasimdə iştirak edən Parlament işləri üzrə nazir Şeyx Aftab Əhməd toplantı iştirakçılarına müraciət edərək Azərbaycan tərəfindən edilmiş humanitar yardımın iki qardaş ölkə arasında olan münasibətlərin yüksək göstəricisi kimi qiymətləndirib.

 

Mərasimin sonunda tədbirdə iştirak edən qonaqlar AİDA-nın adından bir neçə nəfər zərərçəkmiş insana simvolik olaraq qida paketləri paylanıb. Tədbirdən sonra səfirliyin əməkdaşı İlham Məmmədov tədbirdə iştirak edən Pakistanın aparıcı televiziya kanallarına müsahibə verib.

 

Sia.az