Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti müsbət qiymətləndirilmişdir
Cenevrə şəhərində BMT-nin “Biznes və insan hüquqları üzrə rəhbər prinsipləri”nin implementasiyası üzrə milli fəaliyyət planlarının əsas elementləri” mövzusunda Açıq Məsləhətləşmə keçirilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə iştirak etmişdir.
Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, A. Səfixanlı bu tədbir çərçivəsində keçirilən sessiyalarda “Milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsində milli insan hüquqları təsisatlarının rolu” və “Milli fəaliyyət planlarının strukturu” mövzularında çıxış etmişdir. O, Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların uğurla davam etdirildiyini demişdir.
Qeyd olunmuşdur ki, Milli Fəaliyyət Proqramının daha səmərəli icrası məsələlərinin müzakirəsi ilə əlaqədar dövlət orqanları ilə birgə konfrans, seminar və treninqlər təşkil edilmiş, ali təhsil müəssisələrində mühazirələr oxunmuşdur. Eyni zamanda, Milli Fəaliyyət Proqramının təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə 2013-cü ilin may-iyun aylarında respublikamızın hər bir rayonunda yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, mətbuat nümayəndələrinin, dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.
Azərbaycan Ombudsmanının sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxladığı, Konstitusiya Qanunu ilə malik olduğu səlahiyyətləri çərçivəsində bu istiqamətdə əməli hüquq-müdafiə fəaliyyəti həyata keçirdiyi, aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə əlaqədar təklif və tövsiyələr irəli sürdüyü və bir çox problemlərin öz həllini tapdığı bildirilmişdir.
A.Səfixanlı ölkəmizdə iş adamlarının hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafı sahəsində həyata keçirilmiş tədbirlərin məntiqi davamı olaraq, 2013-cü ilin iyulunda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu qeyd etmişdir. Bu qanunun ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etdiyi bildirilmişdir. Ombudsman Aparatında həmin qanunun səmərəli tətbiqi sahəsində gələcək əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu diqqətə çatdırılmışdır.
Çıxışda hazırda Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, həmin Konsepsiyanın başlıca strateji məqsədi respublikamızda davamlı iqtisadi artım, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin yüksək inkişaf mərhələsinə nail olmaqdan ibarətdir.
Tədbir iştirakçıları Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi, o cümlədən biznes və insan hüquqları sahəsində fəaliyyətini müsbət qiymətləndirmişlər.
AzərTac.az