Azərbaycan Ombudsmanı bəyanatla çıxış edib
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Rusiya Federasiyasında qətlə təqsirləndirilərək saxlanılan Orxan Zeynalovun hüquqlarının müdafiəsi ilə bağlı bəyanat yayıb. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, Moskvada əməkçi miqrant qismində çalışan Azərbaycan Respublikasının vətəndaşı O. Zeynalov oktyabrın 15-də xüsusi təyinatlı polis qüvvələri tərəfindən keçirilmiş əməliyyat nəticəsində saxlanılıb: “Zeynalovun tutulması zamanı bir sıra ciddi qanun pozuntularına yol verilib. Qeyd olunmalıdır ki, Rusiya Federasiyası BMT-nin və Avropa Şurasının üzvü olaraq, insan hüquqlarına dair əsas beynəlxalq hüquqi aktların, o cümlədən də Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının, işgəncə əleyhinə BMT və Avropa Şurası Konvensiyalarının iştirakçısı kimi öz üzərinə müvafiq öhdəliklər götürüb. Belə ki, Beynəlxalq Paktın 7-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzaya məruz qala bilməz. Eyni zamanda, Paktın 14-cü maddəsinə əsasən cinayət törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanuna müvafiq olaraq sübuta yetirilməyənə qədər günahsız hesab olunur. Bu maddənin daha bir tələbi ondan ibarətdir ki, saxlanılan şəxsə ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında dərhal və onun başa düşdüyü dildə məlumat verilməlidir”.
E. Süleymanova xatırladıb ki, Rusiya həmçinin MDB çərçivəsində bağlanmış əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiyanın iştirakçısıdır: “Bu konvensiya milli və digər əlamətlərindən asılı olmayaraq, bütün əməkçi miqrantlara şamil edilir. Konvensiyaya əsasən əməkçi miqrantlar və onların ailə üzvləri bütün digər hüquq və azadlıqlarla yanaşı, olduqları dövlətin vətəndaşları ilə birgə qanun və məhkəmə qarşısında bərabərdir. KİV-də və internet portallarında nümayiş etdirilmiş kadrlardan göründüyü kimi, O. Zeynalov saxlanılan zaman xüsusi təyinatlı polis qüvvələri tərəfindən zərurət olmadan ona qarşı güc tətbiq edilməsi, kobud rəftar, müxtəlif bədən xəsarətləri yetirilməsi, ləyaqəti alçaldan davranış insan hüquqlarına dair normaların ciddi pozuntusudur. O. Zeynalovun tutulması və dövlətin yüksək vəzifəli şəxslərindən olan daxili işlər nazirinin xidməti otağına ləyaqəti alçaldılmış şəkildə gətirilməsi, prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada, vaxtında vəkillə və tərcüməçi ilə təmin edilməməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan KİV-də cinayətkar, qatil adlandırılması aidiyyəti beynəlxalq hüquq normalarının, həmçinin Rusiya Konstitusiyasının, xüsusilə də 21-ci, 46-cı, 48-ci, 49-cu və digər maddələrinin, Rusiya Federasiyası cinayət-prosessual qanunvericiliyinin və hüquqi dövlətin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyasının kobud pozuntusu ilə müşayiət edilib. O. Zeynalovun qətl törətməsini fiziki və psixoloji təzyiq, işgəncə altında etiraf etməsi də onun ifadəsinin hüquqi əhəmiyyətini şübhə altına almış olur”.
E. Süleymanov bəyanatında qeyd edib ki, uzun illərdir, Rusiyada azərbaycanlılar, Azərbaycanda isə ruslar sülh şəraitində yaşayırlar. Onun sözlərinə görə, məişət zəminində baş verən bu kimi cinayət hadisəsinin etnik səviyyəyə qaldırılması, millətlərarası münaqişəyə səbəb ola biləcək şəkildə Rusiyada çalışan bütün miqrantların qovulmasına çağırışlar edilməsi yolverilməzdir: “İstər Rusiyada, istərsə də Azərbaycanda ruslar tərəfindən azərbaycanlıların öldürülməsi hallarına Azərbaycanda heç vaxt milli zəmindən yanaşma müşahidə edilməyib. Çoxmillətli ölkə olan Rusiyada da bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşılmalıdır. O. Zeynalova qarşı bu qanunazidd, zorakı, ləyaqəti alçaldan hərəkətlər həm də diskriminasiyanın bariz təzahürüdür, halbuki beynəlxalq və milli hüquqa əsasən, ümumi qəbul olunmuş norma olaraq, hər hansı əlamətə, o cümlədən milli mənsubiyyətinə görə diskriminasiya qadağan edilir. Məhz bu səbəbdən baş vermiş hadisə artıq Rusiyanın hüdudlarından kənara çıxaraq beynəlxalq ictimaiyyətin də etirazına səbəb olub. Eyni zamanda məişət zəminində baş vermiş və Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasının fəaliyyəti ilə heç bir bağlılığı olmayan cinayət hadisəsi nəticəsində mindən artıq miqrantın saxlanılması, onlara qarşı kobud rəftar edilməsi, ləyaqətinin alçaldılması, mülkiyyətinin talan və məhv edilməsi adı çəkilən beynəlxalq sənədlərin, Rusiya qanunvericiliyinin, həmçinin MDB çərçivəsində bağlanmış və Rusiyanın da iştirakçısı olduğu əvvəldə qeyd olunan əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiyanın tələblərinin kobud pozuntusudur”.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili sonda Rusiyanın Federal Ombudsmanı V. P. Lukini Rusiya Federasiyasında İnsan hüquqları üzrə müvəkkil haqqında qanunu və digər müvafiq qanunvericilik aktlarını, o cümlədən Rusiyanın iştirakçısı olduğu beynəlxalq müqavilələri rəhbər tutaraq səlahiyyətli orqanlarla birgə məsələnin hüquq müstəvisində dərindən araşdırılmasına, O. Zeynalovun və digər azərbaycanlı miqrantların hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlər görməyə çağırıb.