Azərbaycan nümayəndə heyəti 2014-cü ilin Avropa paytaxtı olan Salonikiyə səfər edib
Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Afinadan 2014-cü il Avropanın Gənclər Paytaxtı seçilmiş Saloniki şəhərinə səfər edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir müavini İntiqam Babayevi Yunanıstanın Makedoniya və Frakiya üzrə naziri Teodoros Karaoqlu qəbul edib.
Görüş zamanı İ.Babayev Azərbaycan nümayəndə heyətinin Yunanıstana səfərinin məqsədləri və ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat verib.
Nazir T.Karaoqlu iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da genişləndirilməsini və həyata keçirilən mübadilə proqramlarında təmsil etdiyi regionun gənclərinin aktiv iştirakını arzulayıb.
İ.Babayev Saloniki şəhərinin meri Yannis Butarislə görüşüb. Qonaqları salamlayan Butaris Bakı və Saloniki arasında olan bir çox oxşar cəhətlərdən danışıb, gələcəkdə Saloniki və 2016-cı ıl Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərinin gəncləri arasında dostluq əlaqələrinin genişləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Öz növbəsində İ.Babayev Gəncə şəhərinin seçimi zamanı verdikləri dəstəyə görə Y.Butarisə öz minnətdarlığını bildirib.
Axşam Saloniki şəhərinin “Meqaro Mousikis” konsert salonunda Azərbaycan Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin iştirakı ilə konserti keçirilib.
Açılışda ölkəmizin Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev çıxış edərək iki ölkənin dostluq əlaqələrindən, Azərbaycan mədəniyyətinin zənginliyindən danışıb.
Azərbaycan və dünya bəstəkarlarının əsərlərini gənclərimizin ifasında dınləyən Salonikililər musiqimizdən zövq aldıqlarını bildiriblər.
Trend.az