Azərbaycan məhkəmələri dövlət orqanı-vətəndaş mübahisələrində qərarların 80-85 faizini vətəndaşların xeyrinə çıxarıb
Azərbaycanda son dövrlər mülkiyyət hüququnun toxunulmazlığına dair dövlət orqanları ilə vətəndaşlar arasında yaranmış mübahisələrlə bağlı inzibati məhkəmələrdə qərarların 80-85 faizi məhz vətəndaşların xeyrinə çıxarılıb. Bu barədə Trend-ə eksklüziv müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, vətəndaşların mülkiyyət hüququnun toxunulmazlığı ilə bağlı məsələlər əvvəllər qanunvericilikdə öz əksini tapmasa da, son bir neçə ildə bu sahəyə dair konvensiyalara, ən mütərəqqi standartlara uyğun olan normalar üç sənəddə – həm Torpaq Məcəlləsində, həm Mənzil Məcəlləsində, həm də Mülki Məcəllədə öz əksini tapıb: “Əvvəllər qanunun normasının icrası sahəsində bir qədər boşluq var idi, amma artıq Nazirlər Kabineti də bu məsələdən irəli gələn qərarlar qəbul edib”.
Millət vəkili hesab edir ki, geniş mənada qanunvericilik, yəni, qanunlar və normativ sənədlər vətəndaşın mülkiyyət hüququnu qoruyur: “Amma, əlbəttə ki, istənilən mübahisədə bəzən incəliklər olur. Elə ərazilər, yerlər var ki, orada heç bir mübahisə yaranmadı, məhkəməyə müraciətlər olmadı. Məsələn, Heydər Əliyev prospektində görülən işlərlə bağlı heç zaman məhkəmə mübahisələri yaranmadı. Həmin yerlərdə müvafiq icra hakimiyyəti orqanı qanunun təkcə hərfi mənasını yox, ruhunu da qoruyaraq vətəndaşları razı salacaq qədər kompensasiya ödəyib. Amma Füzuli küçəsi boyunca gedən söküntülər zamanı, eləcə də bəzi yol tikintiləri zamanı narazılıqlar yaranmışdı. Bu zamanı vətəndaşın çıxış yolu, təbii ki, məhkəməyə müraciət etməkdir”.
Məhkəmə qərarlarının icrasına gəlincə, Ə.Hüseynli bildirib ki, bu, artıq tamam başqa mövzudur: “Hesab edirəm ki, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği normal səviyyədədir. Bilirsiniz bu mövzuda ən ciddi problemi harada görürəm? Qanunvericiliyin mənasında, məcəllələrimizin hüquqi mənasında mülkiyyət hüququnu təyin edən sənəd dövlət reyestrindən çıxarış hesab olunur və digər sənədlər mülkiyyət hüququ yaratmır. Ciddi problem odur ki, vətəndaşın tutduğu bir torpaq sahəsi var, uzun illərdir – 5, 10, elə hallar var ki, hətta 30 ildir orada yaşayır, dövlət orqanları ilə, bələdiyyə ilə təmasdadır, kommunal xidmətləri ödəyir, amma onun mülkiyyətini təsdiq edən sənəd yoxdur”.
Millət vəkilinin sözlərinə görə, Sovet dövründə qanunsuz tikililər anlayışı ötən əsrin 60-70-ci illərində xüsusən fəhlələrin yaşadığı Suraxanı, Binəqədi ərazilərində inşa olunanlara aid edilirdi: “Sonra hüquqi tənzimləmənin tam yerini tutmadığı 90-cı illərdə də belə hallar baş verdi. Lakin fakt odur ki, insan 15-20 ildir ki, orada yaşayır. Bax bu, məncə problemdir. Dediyimiz ən böyük mübahisələr məhz oradan irəli gəlir. İnsan orada faktiki yaşayırsa və real mülkiyyət hüququ yoxdursa, bu zaman vəziyyət dəyişir. Bu məsələdə məhkəmələr üçün də qərar qəbul etmək çətinlik yaradır. Onlar bəzən qanuna yox, daha çox ədalətə söykənməyə çalışırlar. O zaman da dövlət orqanı məsələni mübahisələndirir ki, məhkəmə hansı qanuna istinad edib?”
Ə.Hüseynli hesab edir ki, Azərbaycanın inkişafının indiki mərhələsində bir çox infrastruktur layihələr həyata keçirilir, Bakı şəhəri və ətraf ərazilərdə tikinti-söküntü işlərinin aparılması nəzərdə tutulur: “Dediyim hallarda, yəni çıxarışın olmadığı təqdirdə qanunsuz tikililərlə bağlı qərarların qəbul olunması məsələsi artıq zərurətə çevrilir. Məncə, yəqin ki, bununla bağlı Nazirlər Kabineti və digər müvafiq dövlət orqanları lazım olan işləri görür”.