Azərbaycan may ayında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilk hesabatını təqdim edəcək

Posted by

“2030-cu ilə qədər BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün hesabatlar hazırlanacaq. Dayanaqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycanda milli statistikamız BMT-nin standartlarına uyğun formalaşdırılacaq və bu standartlara uyğun 200-ə qədər hesabat hazırlanacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi qruplarının iclasında baş nazirin müavini Əli Əhmədov deyib. Ə. Əhmədov bildirib ki, Azərbaycan qloballaşan dünyaya inteqrasiya edir: “Bu gün dünyanın istənilən yerində yaşayan insanların layiqli həyat şəraitinin necə olması barədə təsəvvürü var, çünki KİV sürətlə inkişaf edib. Həyat şəraitini yaşadıqları ölkələrdə dəyişə bilməyən insanlar inkişaf etmiş ölkələrə, Avropaya köç edirlər. 2015-2016-cı ildə böyük köçlər olub. Bu, ayrı-ayrı mədəniyyətlərin daşıyıcı olan insanlara fərqli münasibətlər ortaya çıxarır və gələcək inkişaf üçün problemlər yaranır. Buna görə də BMT tanrsformasiya ilə əlaqədar proqram hazırlayır. Bu, layiqli həyat səviyyəsinin qurulması sahəsində mühüm proqramlardan biridir. Dayanıqlı İnkişaf Məqsədləri inkişaf etmiş, inkişaf etməkdə olan və inkişafdan geri qalmış ölkələr üçün nəzərdə tutulub, hər kateqoriyaya daxil olan ölkələr üçün vəzifələr nəzərdə var”.

BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycanda müvafiq hesabatların hazırlanmaqda olduğunu qeyd edən baş nazirin müavini bildirib ki, könüllü hesabat may ayında BMT-yə təqdim edilməlidir: “Bu hesabatın hazırlanması İşçi qrupları tərəfindən həyata keçiriləcək, İqtisadiyyat Nazirliyi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibliyi kimi prosesdə öz rolunu oynayacaq. Bu, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə təqdim etdiyi ilk hesabat olacaq”.

Apa.az