Azərbaycan-Çin əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur
Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) mənzil-qərargahında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi nazirinin müavini Çjoy Linin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycanın Çin ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləmişdir. Bildirilmişdir ki, hər iki ölkənin hakim partiyalarının nümayəndələrinin qarşılıqlı səfərləri təkcə partiyalar arasında əməkdaşlığın deyil, eyni zamanda, dövlətlərimizin əlaqələrinin də inkişafına xidmət edir.
Son illər ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlər haqqında qonaqlara məlumat verən Baş nazirin müavini bildirmişdir ki, regionun lider dövləti olan Azərbaycan Çin ilə siyasi münasibətləri inkişaf etdirməklə yanaşı, mövcud iqtisadi əməkdaşlığın daha da əhatəli olmasına çalışır.
Qarşılıqlı səfərlərin faydasından danışan Əli Əhmədov qeyd etmişdir ki, bu səfərlər dost xalqlarımızın bir-birini yaxından tanımasına böyük imkan yaradır və bu da dövlətlərarası münasibətlərdə vacib amildir.
Çjoy Li Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Tszinpinin salamlarını Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə çatdırmağı xahiş etmişdir. O demişdir ki, Çin ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur. İstər siyasi, istərsə də iqtisadi sahələri əhatə edən əlaqələr dostluq və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulmuşdur. Hər iki ölkənin qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial vardır. Bu potensialdan istifadə edərək əlaqələri daha da inkişaf etdirmək lazımdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı görüşdə iştirak etmişlər.
AzərTac.az