Azərbaycan ilə Yaponiya arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
Yaponiyanın “WorldInvesters TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida aprelin 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.
AzərTAc-ın baş direktoru Aslan Aslanov ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrindən danışmış, bu münasibətlərin inkişafında kütləvi informasiya vasitələrinin, o cümlədən milli xəbər agentliklərinin rolunu vurğulamışdır.
Yaponiyalı qonağa AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilmişdir. AzərTAc ilə Yaponiyanın Kyodo News Agentliyi arasında sıx əlaqələrin olduğunu söyləyən baş direktor, hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun – Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbulunda Kyodo News Agentliyinin dəstəyi xüsusi vurğulanmışdır. Həmçinin agentliklərimizin uğurlu əməkdaşlığının Yaponiya ilə Azərbaycan arasında informasiya sahəsində işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilmişdir.
Azərbaycanın sürətli inkişafının Yaponiyada da böyük maraqla izlənildiyini vurğulayan Kazuyasu İşida bunun ölkəmizin Yaponiyadakı dostları tərəfindən məmnunluqla qarşılandığını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın iştirakçısı və müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi nəhəng layihələrdə Yaponiya şirkətləri fəal iştirak edir və bu, iki dost ölkə arasındakı münasibətlərin inkişafının bariz nümunəsidir.
Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edən Kazuyasu İşida Yaponiya KİV-ləri, o cümlədən prodüseri olduğu “WorldInvesters TV” internet televiziyası ilə AzərTAc arasında əməkdaşlığın bu baxımdan mühüm rol oynayacağını diqqətə çatdırmışdır.
Görüşdə dost ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparrılmışdır.
Trend.az