Azərbaycan ilə Tacikistan arasında mədəni sahədə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin mədəniyyət naziri Şamsiddin Orunbekovla görüşmüşdür.
AzərTacın məlumatına əsasən, görüşdə bütün istiqamətlərdə o cümlədən mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi məsələləri ətraflı müzakirə olunmuşdur.
A.Həsənov bildirmişdir ki, ötən il Tacikistanın müxtəlif regionlarında və şəhərlərində dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 13 konsert təşkil olunmuşdur.
Səfir bu il nəzərdə tutulan mədəni tədbirlər o cümlədən Azərbaycan və tacik dillərində muğam konsertlərinin davam etdirilməsi istiqamətində görüləcək işlərdən danışmışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə dünyanın bir çox ölkəsində keçirilən mədəni və humanitar tədbirlərin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Şamsiddin Orumbekov Azərbaycan və tacik xalqlarının mədəniyyətlərinin zənginliyi, qədimliyi və yaxınlığından danışmış, ölkələrimiz arasında münasibətlərin, o cümlədən mədəni sahədə əlaqələrin durmadan inkişaf etdiyini bildirmişdir.
A.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmış, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bu ərazilərdə qədim mədəniyyət abidələrinin, mədəni sərvətlərin vəhşicəsinə məhv edildiyini vurğulamışdır.
20 Yanvar faciəsi ilə əlaqədar səfirlikdə keçiriləcək tədbir barədə nazirə məlumat verilmişdir.