Azərbaycan hökuməti xaricdə emal edilən malların gömrük proseduru altında yerləşdirilməsi qaydalarını təsdiq edib
Azərbaycan Nazirlər Kabineti «Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında qərar verib.
APA-nın verdiyi məlumata görə, xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir.
Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir:
– ixracı idxal gömrük rüsumları və vergilərin geri qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;
– təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsum və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;
– ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geri qaytarılması ilə nəticələnən mallar.
Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşü və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir. Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etdirmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.
Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş daxili mallara, habelə təkrar idxal olunan emal məhsullarına və istehsalat tullantılarına Azərbaycan qanunvericiliyinə uyğun olaraq ticarət siyasəti tədbirləri tətbiq edilmir. İstehsalat tullantıları və mal qalıqları ixrac gömrük proseduru altında yerləşdirilməlidir və ya təkrar idxal olunaraq sərbəst dövriyyəyə buraxılmalıdır.
Xaricdə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq xaricdə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar Gömrük Məcəlləsinə uyğun olaraq ekvivalent mallarla əvəz edildikdə, əvəz edilmiş mallar barəsində eyniləşdirmə tədbirləri həyata keçirilmir.
Xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 ildən artıq olmamalıdır. Aşağıdakı hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur:
– malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə;
– qüsurlu daxili malların təmiri ilə əlaqədar standart mübadilə sistemindən istifadəyə icazə verildikdə;
– xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar heç bir emala məruz qalmadan, eyni vəziyyətdə gömrük ərazisinə qaytarıldıqda.
Gömrük orqanları standart mübadilə sistemindən istifadəyə emal əməliyyatları qüsurlu daxili malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər. Əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar. Qüsurlu mallardan ixracdan əvvəl istifadə olunmuşdursa, əvəzləyici məhsullar da istifadə edilmiş olmalıdırlar. Emal edilmiş məhsullara tətbiq olunması nəzərdə tutulan müddəalar əvəzləyici məhsullara da şamil edilir.
Apa.az