“Azərbaycan gəncliyi 2016-2020- ci illərdə” Dövlət Proqramının müzakirəsi olub
Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevin rəhbərliyi ilə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramının müzakirəsi aparılıb.
Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müzakirədə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komissiyası, İqtisadiyyat və Sənaye Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiısi nazirliyi, Prezident yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və digər dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri iştirak ediblər.
Bildirilib ki, 2005-2009 və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Son illər istifadəyə verilən “Gənclər ev”ləri xüsusilə regionlarda yaşayan gənclərin maraq dairəsini genişləndirmək, asudə vaxtın mənalı təşkili üçün yeni imkanlar yaratmışdır. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması dəstəklənib.
Qeyd edilib ki, son onilliyin əsas çağırışları olan – informasiya və kommunikasiya texnologiyaların sürətlə inkişafı və qloballaşma prosesləri gənclərlə bağlı vəziyyətə ciddi təsir göstərməkdədir. Bu amillərin təsiri altında ölkələrin qarşılaşdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilib. Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində əməli təcrübə və müsbət tendensiyaların əldə edilməsinin təzahürü olub. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı (bundan sonra – Dövlət Proqramı) hazırlanıb.
İclas zamanı dövlət qurumlarının rəsmiləri tərəfindən aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb: gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, onların azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, alkoqolizm və digər neqativ halların profilaktikası, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetməsinin gücləndirilməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının inkişafı müzakirə edilib.
Bundan başqa, sahibkarlıq və özünəməşğulluq imkanlarının artırılması, gənclər arasında ixtisas və peşə seçimi, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi,regionlarda yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin və mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyanın təmin edilməsi, gənclərin insan hüquqları, gender bərabərliyi, insan alveri, gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinə şəraitin yaradılması, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması, gənclərin asudə vaxtının səmərəli təşkili məsələləri də müzakirə edilib.
Trend.az