Azərbaycan Əfqanıstana işçi qrupunun yaradılmasını təklif edir

Posted by

Azərbaycan Əfqanıstana işçi qrupunun yaradılmasını təklif edir Azərbaycan Əfqanıstana işçi qrupunun yaradılmasını təklif edir

Azərbaycan Əfqanıstana işçi qrupunun yaradılmasını təklif edir

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstanın mədən və neft naziri Daud Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb. Əfqanıstan nümayəndə heyətinin ölkəmizə səfəri, keçiriləcək görüşlər də ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Qeyd edilib ki, hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Ticarət, enerji, nəqliyyat, tikinti materiallarının istehsalı, təhsil və s. sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur.

 

Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyini qeyd edib, bunun üçün işçi qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan şirkətləri Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinin icrasında maraqlıdır. Bu baxımdan, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və s. tədbirlər təşkil edilə bilər.

 

Əfqanıstanın mədən və neft naziri D.Saba səmimi qəbul üçün təşəkkürünü bildirib, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib. O, Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulayıb. D.Saba ölkəsinin iqtisadiyyatına və investisiya mühitinə dair məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bildirib.

 

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, qanunvericilik bazasının genişləndirilməsi, enerji, infrastruktur, tikinti materiallarının istehsalı və digər məsələlər barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, Əfqanıstan İslam Respublikasının mədən və neft naziri D.Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Əfqanıstan nümayəndə heyəti həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər.

 

Trend.az