Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türk Akademiyası arasında anlaşma memorandumu imzalanıb
Dekabrın 19-da Qazaxıstanın Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.
ADİU-dan AzərTAc-a bildirilib ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Ədalət Muradov Türk Akademiyası haqqında ətraflı məlumat verib. Bildirib ki, akademiya türk dünyasının strateji inkişaf istiqamətləri üzrə fundamental tədqiqatlar aparan qurumdur.
Professor D.Kıdırali türk dünyasında mütərəqqi fikir ortaya qoyan dahilərin bir çoxunun Azərbaycandan olduğunu bildirib. Ortaq dəyərlərdən, tarix və mədəniyyətdən danışan qonaq gələcəkdə Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin yaradılmasına ehtiyac olduğunu qeyd edib.
Sonra D.Kıdırali görüş iştirakçılarının suallarını cavablandırıb.
Tədbirdə ADİU ilə Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatlar və təhsil layihələrinin mütəmadi keçirilməsi haqqında anlaşma memorandumu imzalanıb.
AzərTac.az