Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələri yüksək səviyyədədir
Noyabrın 24-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovun bu ölkənin Xalq Məclisinin yenidən seçilmiş sədri xanım Tsetska Tsaçeva ilə görüşündə parlamentlərarası əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Bu sahədə əlaqələrin yüksək səviyyədə olduğu bildirilən görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının rolu qeyd edilib.
Azərbaycana səfərini xatırladan T.Tsaçeva ölkələrimiz arasında tarixi köklərə söykənən əlaqələrdən danışıb, parlamentlərarası əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirən Xalq Məclisinin sədri bu cür sıx əlaqələrin gələcəkdə qarşılıqlı şəkildə görüləcək işlər sayəsində daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
AzərTac.az