Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsinin fəal üzvüdür

Posted by

Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsinin fəal üzvüdürAzərbaycan beynəlxalq antikorrupsiya mübarizəsinin fəal üzvüdür

Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsinin fəal üzvüdür

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi Martin Kroytnerlə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir ölkəmizin Akademiya ilə səmərəli əməkdaşlığını vurğulayıb, korrupsiyaya qarşı mübarizənin dövlətimizin əsas prioritetlərindən olduğunu, bu sahədə əməli tədbirlərin həyata keçirildiyini qeyd edərək IACA-nın üçüncü sessiyasının beynəlxalq antikorrupsiya fəaliyyətinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Həmçinin F.Məmmədov vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər orqanı – İcraiyyə Komitəsində M.Kroytnerlə birgə təmsil olunduğunu nəzərə alaraq, bu qurumun da sessiyada iştirakının əhəmiyyətini vurğulayıb.

Azərbaycana cari ildə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edən M.Kroytner Akademiyanın sürətli inkişafını və artıq dünya əhalisinin 2/3-ni əhatə etdiyini qeyd edib, ölkəmizin IACA-ya qoşulduğu vaxtdan onun işində fəal təşəbbüskarlığını, assambleyanın sessiyasına Azərbaycanın ev sahibliyi etməsini təqdir edib, bu tədbirin Akademiyanın təşkilat kimi daha da möhkəmlənməsinə böyük təkan verəcəyini bildirib, ölkəmizin bu işdə dəstəyini yüksək qiymətləndirib. Söhbət zamanı Bakı sessiyasının yüksək səviyyədə keçiriləcəyinə və IACA-nın üzv dövlətləri üçün faydalı olacağına əminlik ifadə olunub.

Görüşdə ölkəmizin Avstriyadakı səfiri, Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov da iştirak edib.

Qeyd edək ki, Azərbaycan BMT-nin dəstəyi ilə yeni yaradılmış və Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) nizamnaməsinə xüsusi qanunla qoşulub, Akademiyanın tamhüquqlu üzvü olub, sıx əlaqələr qurulub, o cümlədən Azərbaycan vətəndaşları IACA-nın magistraturasında təhsil alırlar.

Səmərəli qarşılıqlı fəaliyyət nəticəsində IACA-nın ali qurumu – üzv dövlətlərinin assambleyasının üçüncü sessiyasının Bakıda keçirilməsi qərara alınıb.

Ali qonaqların iştirakı nəzərdə tutulan bu mötəbər tədbirin təşkili məsələlərinin müzakirəsi üçün Akademiyanın icraçı katibi M.Kroytner başçılıq etdiyi geniş nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib.

 

Trend/az