Azay Quliyev ATƏT PA-nın Monteneqrodakı seçki müşahidə missiyasına rəhbərlik edəcək
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev oktyabrın 12-dən 18-dək Monteneqronun Podqoritsa şəhərində səfərdə olacaq, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcək.
Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verib.
ATƏT PA-nın Monteneqroda keçiriləcək seçkilər üzrə müşahidə missiyasının rəhbəri A.Quliyev səfər çərçivəsində Monteneqronun dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə tanış olacaq.
Oktyabrın 16-da deputatımız seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək.
Ertəsi gün A.Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcək.
Trend.az