Azərbaycanın Dövlət Bayrağı Günü Kaliforniyanın Monterey şəhərində qeyd olunub

Posted by

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun Monterey Şəhər Şurası ilə birlikdə meriyanın binası qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, media təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak ediblər.

Baş konsulluqdan bildiriblər ki, Monterey şəhəri 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşıb.

Tədbirdə çıxış edən Monterey meri Klayd Roberson qonaqları salamlayaraq, şəhərin belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirib. O, ABŞ ilə Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ölkəsi üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. Monterey ilə Lənkəran arasında “qardaşlaşmış şəhərlər” münasibətlərindən danışan mer bu əlaqələrin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışaraq, üçrəngli bayrağımızın 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini bildirib. Diplomat bu bayrağın 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq olunduğunu, 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq edildiyini söyləyib. Baş konsul müasir müstəqil Azərbaycanın bütün sahələrdə inkişaf edərək bu gün regionda və beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini vurğulayıb.

Monterey Şəhər Şurasının sabiq üzvü, Lənkəran-Monterey münasibətlərinin yaradılmasında önəmli rol oynamış Nensi Selfric hər iki şəhər arasında əlaqələrin tarixindən söz açaraq, Montereyin Azərbaycan ilə münasibətlərinin daha da möhkəmlənməsi sahəsində bundan sonra da səylər göstərəcəyini bildirib.

Sonra mer K.Roberson Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Monterey-Lənkəran münasibətləri haqda imzaladığı bəyannaməni baş konsul N.Ağayevə təqdim edib.

Bu şəhərdəki Azərbaycan icmasının üzvü Eldar Xudiyevin skripkada ifa etdiyi “Sarı gəlin” və “Bayatılar” mahnıları tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi Azərbaycan bayraqları ilə bəzədilib.

Bu barədə videoçarxı aşağıdakı link vasitəsilə izləmək mümkündür: https://youtu.be/Vnf_FztVXyM

AZƏRTAC